Azərbaycanda elektrik avtomobillərinin batareyaları necə utilizasiya edilir? - ARAŞDIRMA

Energetika
  • 08 oktyabr, 2025
  • 16:50
Azərbaycanda elektrik avtomobillərinin batareyaları necə utilizasiya edilir? - ARAŞDIRMA

Son illərdə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da ekoloji cəhətdən "təmiz" və davamlı nəqliyyat vasitələrinə keçid sürətlənir. Bu keçidin mərkəzində isə elektrik mühərrikli avtomobillər dayanır. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 44 milyon 289,24 min ABŞ dolları dəyərində 1 412 ədəd elektrik mühərrikli avtomobil gətirilib. Ölkəyə tədarük edilən bir avtomobilin qiyməti isə orta hesabla 31,4 min ABŞ dolları təşkil edir. İctimai nəqliyyatda da elektrik avtobuslardan geniş istifadə edilməyə başlanılıb. Bakıda ilk elektrik mühərrikli avtobus xəttə hələ 2013-cü ildə buraxılıb. 2030-cu ilə qədər isə müntəzəm marşrutlarda istismar olunan bütün avtobuslar elektrik mühərrikli nəqliyyat vasitələri ilə əvəz olunacaq.

Elektrikli nəqliyyat vasitələrində əsas enerji mənbəyi litium-ion batareyalarıdır. Bu texnologiyanın inkişafı elektromobillərin geniş yayılmasında həlledici rol oynayır. Amma dünyada hazırda əsas məsələlərdən biri bu cür batareyaların utilizasiyası məsələsidir.

"Report" Azərbaycanda litium-ion batareyalarının utilizasiyası ilə bağlı araşdırma aparıb.

Müsbət və mənfi tərəfləri

Litium-ion batareyalar yüksək enerji sıxlığı, yüngül çəki və uzunmüddətli istismar imkanlarına malikdir. Enerji istehlakı zamanı litium ionları anod və katod arasında hərəkət edərək elektrik enerjisini saxlayır və ötürür.

Bu texnologiyanın üstünlükləri çoxdur. Litium batareyaları yüksək enerji tutumu sayəsində elektrik avtomobillərinə uzun məsafə qət etməyə imkan verir. Onlar ənənəvi daxili yanma mühərrikli avtomobillərlə müqayisədə daha az texniki xidmət tələb edir və sürətli doldurulma imkanları ilə fərqlənir. Eyni zamanda, bu batareyalar yüzlərlə, hətta minlərlə dəfə doldurulub-boşaldıla imkanına malik olduğundan uzunömürlü sayılır.

Digər tərəfdən, litium batareyaları ilə bağlı müəyyən məhdudiyyətlər və risklər də mövcuddur. Onların istehsalı üçün lazım olan litium, kobalt və nikel kimi nadir metallara yüksək tələbat bu sahədə xammal asılılığı yaradır. Batareyaların həddindən artıq qızması və ya zədələnməsi isə "termal qaçış" adlanan prosesə səbəb olaraq yanğın riski yarada bilər. Zaman keçdikcə batareyaların enerji tutumu azalır və istifadə müddəti bitdikdə onların təhlükəsiz utilizasiyası mühüm məsələ kimi qarşıya çıxır.

Hazırda dünya üzrə aparıcı şirkətlər litium batareya texnologiyalarını təkmilləşdirmək üçün genişmiqyaslı tədqiqatlara sərmayə yatırır. Xüsusilə "solid-state" batareyalar gələcəyin əsas texnologiyası kimi qiymətləndirilir. Eyni zamanda, istifadə müddəti bitmiş batareyaların təkrar emalı istiqamətində də mühüm işlər görülür.

Beləliklə, litium batareyaları elektrik nəqliyyat vasitələrinin əsas güc mənbəyi olmaqla, "yaşıl nəqliyyat"ın inkişafında təməl daşına çevrilib. Onların davamlı və təhlükəsiz istifadəsi, həmçinin təkrar emalı gələcəkdə ekoloji və iqtisadi baxımdan həlledici əhəmiyyət daşıyacaq.

Səlahiyyətli dövlət qurumu

Azərbaycana elektrik mühərrikli nəqliyyat vasitələrinin bir neçə ildir ki, tədarük edilməsinə baxmayaraq, maraqlıdır ki, litium-ion batareyaların utilizasiyasını həyata keçirən qurum müəyyən edilməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov "Report"a açıqlamasında bildirib ki, Azərbaycanda avtomobillərdəki litium-ion batareyaları ilə müəyyən risklər var: "Ekoloji baxımdan əsas məsələ ondan ibarətdir ki, onlar üçün xüsusi utilizasiya yerləri olmalıdır. Çünki onları məişət tullantılarının utilizasiya edildiyi məkanlara göndərmək olmaz. Belə ki, bu cür batareyalarda müəyyən radioaktiv maddələr var".

Onun sözlərinə görə, Azərbaycanda hazırda litium-ion batareyalarının utilizasiyası ilə bağlı mexanizmlər tam formalaşmayıb: "Əvvəllər köhnə avtomobillərin utilizasiyası ilə bağlı qanunvericilikdə boşluqlar var idi. Amma bununla bağlı qanun qəbul edilib. Lakin bu, elektrik avtomobillərdəki batareyaların utilizasiyasını əhatə etmir. Gələcəkdə bu istiqamətdə təkmilləşdirmənin aparılması zərurəti yaranacaq. Bu cür batareyaların utilizasiyası prosesini həyata keçirmək üçün dövlət qurumu müəyyən edilməlidir. Bunun "Təmiz Şəhər" ASC-yə həvalə ediləcəyini gözləyirəm".

A.Məmmədov vurğulayıb ki, Azərbaycanda litium-ion batareyalarının utilizasiyası ilə bağlı imkanlar var: "Amma burada kadrların hazırlığı kimi məsələlər var".

Qanunda boşluq

Əlbəttə ki, bu prosesin həyata keçirilməsi üçün ilk növbədə hüquqi bazanın olmasına ehtiyac var. Milli Məclisin deputatı Rövşən Muradov bildirib ki, son dövrlərdə Azərbaycana xeyli sayda elektrikli avtomobillər gətirilir: "Azərbaycan dövləti ekoloji nöqteyi-nəzərdən belə avtomobillərin alınması təşviq edir. Lakin bu istiqamətdə mühüm məsələ elektrikli avtomobillərdəki litium batareyalarının utilizasiyasıdır".

Deputat qeyd edib ki, belə batareyaların istismar müddəti 5-7 il arasındadır: "Lakin qanunvericilikdə bu cür batareyaların utilizasiya ilə bağlı heç bir müddə yoxdur. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməsi zəruri olardı".

Beynəlxalq təcrübə

Bir çox ölkələr litium batareyaların utilizasiyası və təkrar emalı sahəsində sistemli addımlar ataraq, həm ətraf mühitin qorunmasına, həm də bu dəyərli xammalların yenidən istehsala qaytarılmasına çalışırlar.

Avropa İttifaqı (Aİ) bu sahədə ən fəal regionlardan biridir. Xüsusilə Almaniya, Fransa, Belçika və İsveçdə fəaliyyət göstərən müəssisələr litium batareyaların sənaye miqyasında təkrar emalını həyata keçirir. Belçikanın "Umicore" şirkəti bu sahədə qabaqcıl texnologiyalara malikdir və batareya tullantılarından litium, kobalt, nikel kimi qiymətli metalların geri qazanılmasını təmin edir.

İsveç və Norveçin birgə yaratdığı "Hydrovolt" şirkəti isə elektrik avtomobillərindən çıxarılan batareyaların tam dövriyyəli emalı ilə məşğuldur. Aİ-nin qəbul etdiyi yeni "Batareya Qaydası"na əsasən, 2031-ci ildən etibarən istehsalçılar məhsullarında təkrar emal olunmuş materiallardan istifadə üzrə məcburi kvotalara əməl etməli olacaqlar.

Litium batareyaların həm istehsalı, həm də təkrar emalı sahəsində dünyanın ən böyük gücü isə Çindir. Bu ölkədə fəaliyyət göstərən CATL və GEM kimi nəhəng şirkətlər istismar müddəti bitmiş elektrik avtomobili batareyalarını sökərək onların tərkibindəki qiymətli metalları bərpa edirlər. Çin hökuməti istehsalçılara batareya tullantılarını geri toplamaq və təkrar emal şəbəkələri qurmaq öhdəliyi qoyaraq bu sahədə nəhəng infrastruktur yaradıb.

ABŞ də son illərdə litium batareya tullantılarının təkrar emalı istiqamətində sürətli inkişaf nümayiş etdirir. Nevada ştatında yerləşən "Redwood Materials" və Şimali Amerikada fəaliyyət göstərən Li-Cycle şirkətləri köhnə batareyalardan litium, kobalt, nikel və misin bərpası ilə məşğuldur. ABŞ hökuməti 2022-ci ildən etibarən "Battery Recycling Prize" və digər təşviq proqramları ilə bu sahəyə böyük investisiyalar yatıraraq, milli təkrar emal sənayesini gücləndirməyə çalışır.

Asiyanın digər iki qabaqcıl ölkəsi - Yaponiya və Cənubi Koreya da litium batareyaların təkrar emalı sahəsində ciddi nailiyyətlər əldə ediblər. "Panasonic", "Sony", "LG Energy Solution" və "Samsung SDI" kimi nəhəng şirkətlər öz məhsulları üçün qapalı dövriyyə ("closed-loop") emal sistemləri qurublar. Bu ölkələrdə batareya tullantılarının böyük hissəsi sənaye müəssisələri tərəfindən toplanaraq emal olunur və yenidən istehsalata qaytarılır.

Dünya təcrübəsi göstərir ki, litium batareyaların uğurlu təkrar emalı üçün üç əsas şərt vacibdir: qanuni tənzimləmələr və istehsalçı məsuliyyəti sisteminin qurulması, texnoloji imkanlara və müasir emal zavodlarına sahib olmaq, həmçinin batareya tullantılarının toplanması üçün effektiv logistika və infrastrukturun yaradılması. Bu tələbləri həyata keçirə bilən ölkələr həm ekoloji riskləri azaldır, həm də dəyərli xammal itkilərinin qarşısını alırlar.

Litium-ion batareyaların utilizasiyası ilə bağlı yeni addımlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov "Report"a açıqlamasında deyib ki, Azərbaycanda dövriyyədə olan elektrik mühərrikli minik avtomobilləri və avtobuslarda istifadə olunan litium-ion batareyaların utilizasiyası mövcud qanunvericiliyə uyğun olaraq əsasən təhlükəli tullantıların idarə edilməsi çərçivəsində tənzimlənir.

O qeyd edib ki, beynəlxalq təcrübədə litium-ion batareyaların utilizasiyası bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış özəl müəssisələrin iştirakı ilə həyata keçirilir: "Dövlət isə bu sahədə ümumi tənzimləmə və nəzarət funksiyasını həyata keçirir. İstifadə müddəti bitmiş litium-ion batareyaların idarə olunması Azərbaycanda mövcud tullantılar, xüsusilə təhlükəli tullantılar üzrə normativ-hüquqi baza əsasında həyata keçirilir. Bu proses mövcud qanunvericiliyə əsasən bir neçə dövlət qurumunun nəzarəti altında icra olunur. Nazirlik tərəfindən bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə beynəlxalq təcrübə öyrənilib, bu sahənin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb".

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov isə "Report"a bildirib ki, Çinin BYD şirkəti hazırda Azərbaycanda elektrikli mühərrikli avtomobillərin utilizasiyasının həyata keçiriləcəyi layihə üzərində işləyir.

Bu məqamda qeyd edək ki, ölkədə sərnişindaşıma ilə məşğul olan, avtobus parkında elektrik mühərrikli nəqliyyat vasitələri olan şirkətlərin bu məsələni istehsalçı şirkətlər vasitəsilə həll ediblər. Belə ki, "BakuBus" MMC-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, şirkətdə elektrikli avtobuslarda istifadə olunan litium-ion batareyaların istismar müddəti, hər bir avtobusun texniki göstəricilərinə əsasən müəyyən olunur: "İstismar müddəti başa çatdıqdan sonra "BakuBus" MMC ilə istehsalçı şirkət arasında bağlanmış müqaviləyə uyğun olaraq batareyalar istehsalçıya təhvil veriləcək. Bu proses beynəlxalq təhlükəsizlik standartlarına və ekoloji tələblərə uyğun şəkildə həyata keçirilir".

Azərbaycanda sərnişindaşıma ilə məşğul olan digər şirkət - "Xalid Faiqoğlu" MMC də istehsalçı şirkətlə bağladığı müqaviləyə uyğun olaraq litium-ion batareyaları istehsalçıya təhvil verəcək.

Bir sözlə, hazırda elektrik mühərrikli avtobuslardakı bu cür batareyaların utilizasiyası ilə bağlı problem olmasa, digər avtomobillərdə litium-ion batareyalarının utilizasiyası üçün həm qanunvericilikdə dəyişikliklərin edilməsinə, həm də müəssisələrin yaradılmasına ehtiyac duyulur.

Son xəbərlər

Bütün Xəbər Lenti