Azərbaycanda "yaşıl enerji" istehsalı artıb
- 17 oktyabr, 2025
- 09:38

Bu ilin yanvar-sentyabr aylarında elektrik enerjisinin istehsalı 12,1 milyon kVt/saat, yəni 0,1 % artaraq 21 milyard 798,7 milyon kVt/saat olub.
"Report" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2025-ci ilin 9 ayı üzrə ölkədə enerji istehsalı və ixracı ilə bağlı açıqladığı operativ məlumatlarda deyilir.
Bildirilib ki, bu dövrdə İstilik Elektrik Stansiyalarında (İES) 18 milyard 659,6 milyon kVt/saat, Su Elektrik Stansiyalarında (SES) 2 milyard 414,3 milyon kVt/saat, digər mənbələr üzrə isə 724,8 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 30,5 milyon kVt/saat, günəş elektrik stansiyalarında 511 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 183,3 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 64,5 milyon kVt/saat artımla 3 milyard 139,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
9 ay ərzində elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 19 milyard 520,7 milyon kVt/saat (İES-lərdə 17 milyard 70,6 milyon kVt/saat, SES-lərdə 2 milyard 401,1 milyon kVt/saat, GES-lərdə 49 milyon kVt/saat, "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 21,5 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 256,5 milyon kVt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin idxalı 145,4 milyon kVt/saat, ixracı isə 989,6 milyon kVt/saat olub.