Azərbaycan Türkiyəyə qaz nəqlini 44 %-dən çox azaldıb

Energetika
  • 25 oktyabr, 2021
  • 07:45
Azərbaycan Türkiyəyə qaz nəqlini 44 %-dən çox azaldıb

Bu ilin avqust ayında Azərbaycan Türkiyəyə 547 milyon kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 44,5 % azdır.

Bununla da avqust ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub.

Bu ilin avqust ayında Türkiyə ümumilikdə 4 milyard 170 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2020-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 24,3 % çoxdur.

Qeyd edək ki, avqust ayında Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Həmin ay Rusiyadan Türkiyəyə 2 milyard 80 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2020-ci ilin avqust ayı ilə müqayisədə 51,9 % çoxdur.

İkinci yerdə İran qərarlaşıb. Bu ölkə avqustda Türkiyəyə 898,2 milyon kubmetr qaz nəql edib. Bu, 2020-ci ilin avqust ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.