Azərbaycan Türkiyəyə qaz nəqlini 17 %-dən çox artırıb

Energetika
  • 29 yanvar, 2024
  • 14:11
Azərbaycan Türkiyəyə qaz nəqlini 17 %-dən çox artırıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 9 milyard 295,2 milyon kubmetr təbii qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2022-ci ilin 11 ayı ilə müqayisədə 17,4 % çoxdur.

Ötən ilin noyabr ayında Azərbaycan Türkiyəyə 685,89 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2022-ci ilin noyabr ayı ilə müqayisədə 8,54 % azdır.

Bununla da noyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 19,2 %-i Azərbaycanın payına düşüb.

Noyabrda Türkiyə ümumilikdə 4 milyard 433,83 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2022-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 12,84 % çoxdur.

Noyabrda Rusiya Türkiyəyə 2 milyard 203,38 milyon kubmetr həcmlə qaz ixracına görə birinci olub. İl ərzində 2,95 dəfə artın olub.

Üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə noyabrda Türkiyəyə 682,58 milyon kubmetr qaz nəql edib. Bu, 2022-ci ilin noyabr ayı ilə müqayisədə 20,36 % azdır.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.