Azərbaycan Rumıniyaya neft ixracını 10 % artırıb
- 25 noyabr, 2024
- 14:07
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Rumıniyaya 585 min 666,96 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 350 milyon 758,72 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Rumıniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,06 %, dəyəri isə 7,39 % çoxdur.
Rumıniyaya ixrac edilən yanacağın Azərbaycanın ümumi neft ixracında payı 2,85 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 762 milyon 589,03 min ABŞ dolları dəyərində 20 milyon 571 min 968,71 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb.