Azərbaycan bir ay ərzində hidrogen strategiyasının həyata keçirilməsi üçün məsləhətçi seçəcək
- 26 sentyabr, 2025
- 10:56

Azərbaycan hidrogen strategiyasının həyata keçirilməsi üçün bir ay ərzində məsləhətçi cəlb etmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
O qeyd edib ki, Azərbaycanda hidrogen iqtisadiyyatı ideyası 2020-ci ilin əvvəllərində yaranıb.
"Sonra Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bizi dəstəklədi və biz beynəlxalq konsaltinq qruplarından biri ilə hidrogen iqtisadiyyatı ilə bağlı araşdırma apardıq. Bu, LCOE (Levelized Cost of Energy, enerjinin normalaşdırılmış dəyəri) üzrə çox maraqlı nəticələrə malik birillik araşdırma idi. Belə ki, "yaşıl hidrogen" üçün LCOE bir kiloqrama görə təxminən 3 avro olaraq qiymətləndirilib ki, bu da kifayət qədər rəqabətqabiliyyətlidir", - R.Hümbətova bildirib.
Direktor müavininin sözlərinə görə, tədqiqat həmçinin göstərib ki, "mavi hidrogen" "yaşıl hidrogen"ə nisbətən bir qədər ucuz olacaq, lakin həmin dövrdə Avropada "mavi hidrogen" üçün normativ baza mövcud deyildi.
O əlavə edib ki, Azərbaycan yaxşı inkişaf etmiş neft-qaz sənayəsi sayəsində uzun illərdir hidrogen istehsal edir.
"Beləliklə, biz boz hidrogenin nə olduğunu bilirik. Bizim artıq təhlükəsizlik qaydalarımız var və hidrogen iqtisadiyyatının bu sahəsi ilə necə işləmək lazım olduğunu bilirik. Lakin bizə karbonun tutulması və saxlanması, eləcə də ola bilsin ki, istifadəsi üzrə əlavə araşdırmalar lazımdır. Bizim Azərbaycanın neft-qaz sənayesindən qaynaqlanan çox yaxşı bazamız var", - R.Hümbətova bildirib.
O həmçinin deyib ki, Azərbaycanda hidrogen strategiyası çərçivəsində üç ssenari nəzərdən keçirilib: "Hesab edirəm ki, balanslaşdırılmış ssenari hazırda ən real ssenaridir. Lakin əlbəttə ki, Azərbaycanda bərpa olunan enerji potensialını nəzərə alaraq, iddialı ssenariyə də üstünlük verə bilərik. Hər şey imkanlardan asılıdır. Hazırda biz EBRD-nin dəstəyi ilə işə başlayırıq. İnanırıq ki, bir ay ərzində məsləhətçi cəlb edəcəyik, çünki açıq tender artıq başa çatıb".
Direktor müavini vurğulayıb ki, EBRD-ə 13 şirkət müraciət edib.
"Hökumət də təkliflərin qiymətləndirilməsi prosesinə cəlb olunub. Beləliklə, biz gələn həftə bu prosesə başlayacağıq, daha sonra strategiyanın həyata keçirilməsi planına cəlb olunacaq məsləhətçini müəyyən edəcəyik. Plan tənzimləmə, torpaqdan istifadə, bərpa olunan enerji mənbələrinin paylanması daxil olmaqla bütün aspektləri əhatə edir, çünki bərpa olunan hidrogen birbaşa qoşulma tələb edir", - L.Hümbətova vurğulayıb.