Azərbaycan "ACWA Power"lə yeni sazişlər imzalayıb

Energetika
  • 22 sentyabr, 2025
  • 11:01
Azərbaycan ACWA Powerlə yeni sazişlər imzalayıb

Azərbaycan və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında "Xəzər dənizində Suyun Duzsuzlaşdırılması Zavodunun layihələndirilməsi, tikintisi, istismarı və texniki xidməti üzrə saziş" imzalanıb.

"Report" xəbər verir ki, bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.

Sənədi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və "ACWA Power"in baş icraçı direktoru Marko Arselli imzalayıb.

Saziş dizayn, tikinti, maliyyələşdirmə, istismar və texniki xidmət mərhələlərini əhatə edir. Layihə regionda su ehtiyatlarının səmərəli idarə olunmasına və içməli su təminatının artırılmasına yönəlib.

Bundan əlavə, forumda "emal olunmuş suyun alınmasına dair saziş" imzalanıb. Bu sənədi Z.Mikayılov, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri Tahir Xəlilov və M.Arselli imzalayıb.

Eyni zamanda, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nazirlik yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və M.Arselli "Torpaq icarəsi haqqında saziş"ə, maliyyə naziri Sahil Babayev və M.Arcelli "Dövlət zəmanəti haqqında saziş"ə imza atıb.

Dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkədə icrasını nəzərdə tutduğu ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək.

Gündəlik 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 milyon ABŞ dolları təşkil edir. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarını "ACWA Power" həyata keçirəcək.

Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etmək məqsədlərimiz sırasındadır.

Son xəbərlər

Bütün Xəbər Lenti