Azərbaycan 7 ayda Türkiyəyə qaz nəqlini 2 %-ə yaxın artırıb
- 29 sentyabr, 2025
- 17:38

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 6 milyard 796,12 milyon kubmetr təbii qaz ixrac edilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 1,66 % çoxdur.
Bu müddət ərzində Azərbaycandan qaz ixracının ümumi həcmindən 6 milyard 502,35 milyon kubmetr uzunmüddətli razılaşma əsasında, 293.77 milyon kubmetr isə spot əsasında tədarük edilib.
Bu ilin iyul ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 4,23 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 0,01 % çoxdur.
Bununla da iyulda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 25,7 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin iyul ayında Azərbaycan Türkiyəyə 1 milyard 4,08 milyon kubmetr təbii qaz ixrac edib.
Təkcə iyul ayında Türkiyə ümumilikdə 3 milyard 912,89 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 8,47 % çoxdur.
İyul ayında Türkiyəyə 3 633,76 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub (92,87 %), 279,13 milyon kubmetr isə (7,13 %) mayeləşdirilimiş təbii qazın payına düşüb.
İyulda Türkiyəyə qaz ixracına görə birinci yeri Rusiya tutub. Ay ərzində Rusiyadan Türkiyəyə 1 milyard 775,24 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin ilk 7 ayı ilə müqayisədə 19,74 % çoxdur.
İyulda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 854,28 milyon kubmetr qaz nəql edib. 2024-cü ilin iyul ayları ilə müqayisədə İrandan Türkiyəyə qaz nəqli 37,95 % artıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.