İşğaldan azad edilən ərazilərdə 50-dən çox enerji obyekti istismara verilib
- 25 dekabr, 2025
- 14:58
Azad edilmiş ərazilərdə 38-i su elektrik stansiyası olmaqla, 12 yarımstansiya ümumilikdə 50-dən çox enerji obyekti istismara verilib.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında "AzərEnerji" ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatının təmin olunması çərçivəsində Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun 110/35/10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib:
"Görülən işlər çərçivəsində çətin dağlıq relyefli ərazidən keçməklə yeraltı kabellər də çəkilib. Xankəndi və ətraf ərazilərin ölkə enerji sisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan ümumilikdə 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu yarımstansiya işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib".
T.Abdullayev yarımsatansiyanın fəaliyyətinin müasir tələblər səviyyəsində təmin edildiyini bildirib:
"Yarımstansiyada ən müasir mikroprosessor tipli Rəqəmsal İdarəetmə Mərkəzi qurulub. Xüsusilə vurğulamaq istəyirəm ki, yarımstansiyada Micro - SCADA sistemi "AzərEnerji"nin mütəxəssisləri tərəfindən yaradılaraq ilk dəfə məhz Xankəndidə tətbiq olunub. Yeni qurulan sistem yüksəkgərginlikli elektrik xətlərinin və avadanlıqların monitorinqini həyata keçirməyə imkan verəcək. Yarımstansiyadan Xankəndi şəhəri, Ağdərə, Xocalı və Xocavənd rayonları etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq".
Həmçinin diqqətə çatdırılıb ki, "AzərEnerji" ASC tərəfindən Qarabağda və Şərqi Zəngəzurda rekord müddətdə - cəmi 5 il ərzində 1000 kilometr uzunluğunda yüksəkgərginlikli ötürmə xətləri çəkilərək 12 yeni yarımstansiya ilə zəncirvari şəkildə əlaqələndirilib, 330 və 110 kV-luq ikipilləli dairəvi elektrik təchizatı yaradılıb. Bunun üçün yeni Cəbrayıl Enerji Qovşağı inşa edilib, "İmişli", "Ağcabədi" və "Gəncə" yarımstansiyaları tamamilə yenidən qurulub. Bu, Qarabağın və Şərqi Zəngəzurun enerji tarixində ən böyük yenilikdir, belə ki, istənilən istiqamətdə qəza baş verərsə, fasilə yaranmadan digər istiqamətdən avtomatik və dayanıqlı enerji təmin olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində "AzərEnerji" ASC-nin 110/35/10 kV-luq "Xankəndi-1" elektrik yarımstansiyasının açılışında iştirak edib.