Artur Lorkovski: “Serbiya və digər ölkələr TAP-a maraq göstərməlidir”
- 09 mart, 2022
- 08:03

Trans-Adriatik Qaz Boru Kəməri (TAP) öz imkanlarını genişləndirməyə çalışır, bununla bağlı Serbiya və digər ölkələr buna maraq göstərməlidir.
“Report”un məlumatına görə, bunu “Politika” nəşrinə Serbiyanın Enerji İcması Katibliyinin direktoru Artur Lorkovski bildirib.
Onun sözlərinə görə, Serbiyanın Rusiya qazına alternativ olaraq regional bazarlardan təbii qaz tədarükünü təmin etmək üçün artıq bir neçə variantı var.
A.Lorkovski bildirib ki, bu yaxınlarda Serbiya Niş-Dimitrovqrad qaz kəmərinin tikintisinə başladılan marşrutu ilə Azərbaycan qazı və Yunanıstanın Aleksandrupolisindən mayeləşdirilmiş təbii qaz (LNG) tədarük edilə bilər.
O qeyd edib ki, Yunanıstandan LNG artıq buradadır və Serbiya ilə Macarıstan arasındakı Horqos qaz birləşmə nöqtəsi öz gücünü saxlamaq üçün başqalarına açılarsa, Serbiya Mərkəzi Avropa qaz qovşaqlarından qaz ala biləcək.
"Ukraynada müharibə gərginləşməyə davam etdikcə, Rusiya qazına alternativlərə ciddi şəkildə baxmağı və əsl bazar islahatlarını təklif edərdim", - A.Lorkovski bildirib.
Xatırladaq ki, Trans-Adriatik Qaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.
Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (10 %), "Petronas" (15,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.