AÇG-dən SOCAR-a verilən səmt qazının həcmi 17 %-ə yaxın artıb
- 06 noyabr, 2025
- 12:22
BP və tərəfdaşları Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən, Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr səmt qazı verib.
"Report" "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, ümumilikdə, hesabat dövründə ümumilikdə SOCAR-a 2,1 milyard kubmetr səmt qazı təhvil verilib.
Bu ilin üç rübü ərzində SOCAR-a verilən səmt qazının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə rübündən 0,3 milyard kubmetr və ya 16,7 % çox olub.
Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), MOL (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.