"AÇG" bloku üzrə qalan ehtiyatların hasilatı üçün 33 mlrd. dollar tələb olunur
- 31 oktyabr, 2017
- 08:31
Bakı. 31 oktyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri, Çıraq, Dərinsulu Günəşli" yataqlar blokunun işlənməsi dövrü ərzində layihə üzrə ümumi xərclərin həcmi 43,5 mlrd. ABŞ dolları təşkil edib.
"Report"un verdiyi xəbərə görə, bu barədə Milli Məclisin bügünkü iclasında parlamentin sədr müavini Valeh Ələsgərov məlumat verib.
"Əsaslı xərclər 35 mlrd. dollara yaxın olub. Layihənin icra olunduğu müddətdə Azərbaycanın payına düşən gəlirlər 130 mlrd. dollara yaxın mənfəət nefti formasında olub. Bu müddətdə podratçı şirkətlər tərəfindən ödənilən mənfəət vergisi 15 mlrd. dollara yaxın olub. Dövlət Neft Şirkətinin törəmə şirkəti olan “AzACG”nin 6 mlrd. dollara yaxın mənfəəti olub. Kontrakt sahəsi üzrə texnoloji ehtiyaclar üzrə işlənməmiş 42 mlrd. kubmetrə yaxın qaz çatdırılma məntəqəsində Azərbaycan hökumətinə təhvil verilib", - vitse-spiker bildirib.
Onun sözlərinə görə, sazişin əhatə etdiyi ərazidə çıxarıla bilən ehtiyatların miqdarı 500 mln. tona yaxındır: "Buna baxmayaraq, daha artıq həcmdə neft ehtiyatlarının məlum olacağı gözlənilir. Qalan ehtiyatları hasil etmək üçün 33 mlrd. dollardan artıq vəsait tələb olunur".
V.Ələsgərov xatırladıb ki, yenilənmiş "AÇG" müqaviləsinin şərtlərinə əsasən, SOCAR-ın törəmə şirkəti olan "AzACG"-nin payı 25%-ə qədər artırılır: "Xarici şirkətlərin birlikdə hissəsi 75% qalıb. Sazişin icrasına dair şərtlər olduğu kimi qalır. Tərəflər mühəndis-texniki işçilərin 90%-nin, fəhlə heyətinin 95%-nin Azərbaycan vətəndaşı olmasına dair razılığa gəliblər".