Naxçıvanda "Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu" mövzusunda III Beynəlxalq Simpozium keçirilib
- 16 dekabr, 2025
- 17:39
Dekabrın 16-da Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Türkiyənin bir sıra qabaqcıl universitet və texnoparklarının tərəfdaşlığı ilə "Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu" mövzusunda III Beynəlxalq Simpoziumun açılışı olub.
"Report"un məlumatına görə, simpoziumun məqsədi texnoparkların müasir təhsil sistemində və iqtisadi inkişafda rolunu elmi əsaslarla müzakirə etmək, beynəlxalq təcrübəni bölüşmək və yeni əməkdaşlıq imkanlarını dəyərləndirməkdir.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açılış nitqində bildirib ki, Azərbaycan Respublikası Prezidentinin "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi barədə Fərmanı bu sahədə dövlət siyasətinin əsas çərçivəsini müəyyən edib. Rektor qeyd edib ki, texnoparklar dünya universitetlərində geniş tətbiq olunsa da, Azərbaycan ali təhsil sistemi üçün yeni və strateji əhəmiyyət daşıyan istiqamətdir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi prioritet hesab olunur.
Elbrus İsayev vurğulayıb ki, Naxçıvan Dövlət Universiteti xüsusilə qardaş Türkiyənin aparıcı universitetlərinin texnopark təcrübəsini öyrənir, bu məqsədlə qarşılıqlı səfərlər həyata keçirilib və nüfuzlu texnologiyalar parklarının fəaliyyəti ilə yerində tanışlıq olub. Rektor bildirib ki, universitetdə dörd hektar ərazidə Texnologiyalar Parkının yaradılması istiqamətində işlərə başlanılıb, layihələndirmə mərhələsi başa çatıb. Rektor əlavə edib ki, universitet ərazisində fəaliyyət göstərən İnnovasiya Mərkəzi yeni innovatorların yetişməsi və texnoparkın fəaliyyətinə mühüm dəstək rolunu oynayacaq.
Simpoziumda çıxış edən Türkiyə Cümhuriyyətinin İstanbul Universiteti İqtisad fakültəsinin dekanı, professor Mahmut Cüneyt Yenigün universitetlərin dövlət, sənaye və iqtisadiyyat arasında əsas əlaqələndirici rol oynadığını bildirib. Professor texnoparkların elmi-tədqiqat nəticələrinin praktik tətbiqə və iqtisadi dəyərə çevrilməsində mühüm mexanizm olduğunu qeyd edib.
İstanbul Universiteti–Cərrahpaşanın professoru Tülin Öztürk tibb sahəsində texnoparkların roluna toxunaraq bu istiqamətdə aparılan elmi araşdırmaların innovativ məhsulların yaranmasına imkan verdiyini vurğulayıb.
Tədbirdə həmçinin Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov, Düzce Universitetinin dosenti Özkan Şahin, Harran Universitetinin dosenti Hasan Bardakçı, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Vüqar Nəzərov, TÜBİTAK MARTEK Texnoparkının direktor müavini Deniz Yayla, Entertech İstanbul Texnoparkının direktoru Muhammed Kasapoğlu, Düzce Texnoparkının direktoru, professor Resul Kara və Zonquldak Texnoparkının direktoru Ferdi Kesikoğlunun çıxışları dinlənilib.
Simpozium öz işini bölmə iclasları ilə davam etdirib. Beş salonda 15 panel üzrə 150-dən çox elmi məruzə təqdim olunub. Tədbirdə 10-u xarici ölkədən olmaqla, 30-a yaxın elm və təhsil müəssisəsinin nümayəndələri iştirak edib.
Panel müzakirələrində texnoparkların iqtisadi səmərəliliyi, universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, tətbiqi tədqiqatların kommersiyalaşdırılması, iqtisadiyyat, mühəndislik, informasiya texnologiyaları və tibb ixtisasları üzrə praktiki bacarıqların formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İki gün davam edəcək simpoziumda məruzəçilərə sertifikatların təqdim olunması nəzərdə tutulur.