Lütfi Zadənin çalışdığı Berkli Universitetində inkişaf və sülh mərkəzi yaradılıb
- 30 sentyabr, 2025
- 13:18

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin uzun illər çalışdığı və fəxri professor olduğu Berkli Kaliforniya Universitetində "Münaqişədən sonrakı inkişaf araşdırmaları üzrə Kühn Təşəbbüsü" mərkəzi yaradılıb.
Bu barədə "Report"a Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev məlumat verib.
O bildirib ki, mərkəz Azərbaycanın yaxın dostu, "Sülhün Kökləri" (Roots of Peace) təşkilatının qurucu rəhbəri və 2023-cü ilin Dünya Ərzaq Mükafatı laureatı olan Haydi Kuhnün təşəbbüsü ilə yaradılıb.
Açılış mərasimi çərçivəsində dünyanın nüfuzlu alimlərinin, müvafiq sahə üzrə mütəxəssislərin və humanitar missiya daşıyan təşkilat liderlərinin iştirakı ilə "Kənd təsərrüfatı vasitəsilə sülhün yetişdirilməsi və sülh iqtisadiyyatının müəyyənləşdirilməsi" mövzusunda müzakirə təşkil olunub.
Tədbirdə iştirak edən U.Mirzəyev "Kühn Təşəbbüsü sülh mərkəzi"nin Xarici Müşavirlər Şurasının üzvü seçilib.
Mərasimdə çıxış edən H.Kuhn sözügedən təşəbbüsü təkcə Berkli Universiteti üçün deyil, bütün dünya ictimaiyyəti üçün tarixi bir məqam kimi qiymətləndirib:
"İyirmi ildən artıqdır ki, "Sülhün Kökləri" təşkilatı müharibədən zərər çəkmiş regionlarda minalı sahələri məhsuldar ərazilərə çevirmək üçün çalışır. Berkli Universitetinin dəstəyi ilə artıq bu missiyanı genişləndirmək və sülhə can atan icmalar üçün praktik həllər işləyib hazırlayacaq akademik mərkəzə sahibik".