Bu il qeyri-formal və informal təhsilin tanınması ilə bağlı TKTA-ya 226 müraciət daxil olub
- 16 sentyabr, 2025
- 11:49

Bu il qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması) və informal (özünütəhsil yolu ilə biliklərə yiyələnmə forması ) təhsilin tanınması sahəsində müxtəlif peşə ixtisasları üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) ümumilikdə 226 müraciət daxil olub.
"Report" xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.
O bildirib ki, qeyd edilən peşələr "Aşpaz,"Qənnadçı-şirniyyatçı", "Bərbər-vizajist-manikürçü", "Bərbər", "Dərzi", "Kompüter operatoru", "Avtomobil mühərriklərinin yığıcısı", "Mühafizəçi", "Zərgər", "Elektrik qaz qaynaqçısı" və "Təmirçi-çilingər olub:
"Müraciət edən vətəndaşlardan 200 nəfəri ilkin mərhələ olan nəzəri imtahanlara cəlb olunub. Onlardan 167 nəfəri məqbul, 33 nəfəri isə qeyri-məqbul nəticə göstərib. Növbəti mərhələdə praktiki imtahanlara cəlb olunan 145 nəfərdən 138 nəfəri uğurlu nəticə göstərərək müvafiq peşə sənədi əldə edib, 7 nəfəri isə qeyri-məqbul nəticə göstərib.
Hazırda 22 nəfər praktiki imtahanı gözləmə mərhələsindədir.