Bakıda beynəlxalq elmi konfrans çərçivəsində Əli bəy Hüseynzadə paneli təşkil olunub
- 27 fevral, 2026
- 16:50
Bakıda "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfransı çərçivəsində Əli bəy Hüseynzadə paneli təşkil edilib.
"Report" xəbər verir ki, panel müzakirədə ümumtürk tarixi, onun təbliği, eləcə də müasir çağırışlar fonunda türk dövlətlərinin əlaqələri ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyəli professor Ahmet Taşağıl çıxışında Türkoloji Qurultayın 100 illiyi münasibətilə təşkil olunan elmi konfrasın fundamental əhəmiyyətə malik olduğunu bildirib.
O "Göytürk xaqanlığının yaranma mərhələləri və onun müasir Türk dünyasına təsirləri" adlı məruzəsi ilə müasir türk tarixi və Göytürk tarixi arasında paralellər aparıb.
Professor Juliboy Eltazarov isə öz növbəsində qurultaydan bu yana türk tarixi ilə bağlı onlarla araşdırma məzmunlu kitabların yazıldığını, bu kitabların gənc nəsil üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb.
O, daha sonra "Birinci Türkoloji Qurultayın iki mühüm amili: Rus bolşevizminin "Dünya proletar inqilabı" və Şərqdə "Mədəni inqilab" arzusu" adlı məruzə ilə çıxış edib.
J.Eltazarov həmçinin məruzəsində Bakının mədəni mərkəz kimi qiymətləndirilməsinin əsaslarına da toxunub.
Professor Ali Ahmetbeyoğlu çıxışında bugünkü konfransda iştirak edən alimlərin böyük bir tarixin parçası olduqlarını ifadə edib: "Bu konfrans türk tarixi üçün çox böyük bir araşdırma və türk dünyası üçün isə ortaq bilik istehsalı ilə bağlı dönəmin başlanğıcı olacaq".
O da öz növbəsində "Attila və Avropa hunları haqqında Türkiyədə aparılan tədqiqatlara dair qiymətləndirmələr" adlı məruzəsini təqdim edib.
Çıxışların ardınca panel müzakirə sual-cavab sessiyası ilə davam etdirilib.