Azərbaycan və Uorik Universiteti bərpa olunan enerji proqramını inkişaf etdirir
- 24 sentyabr, 2025
- 12:02

Azərbaycan və Britaniyanın Uorik Universiteti bərpa olunan enerji üzrə birgə proqram inkişaf etdirir.
"Report"un məlumatına görə, bunu Uorik Universitetinin strateji inkişaf direktoru Qaret Roberts Bakıda keçirilən Avrasiya Universitetləri Sammitində bildirib.
"Biz xüsusilə Elm və Təhsil Nazirliyi, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə tərəfdaşlıqdan qürur duyuruq. Onlarla bərpa olunan enerji üzrə ikili diplom proqramını həyata keçiririk", - Q.Roberts qeyd edib.
Onun sözlərinə görə, belə layihələrin uğuru bütün iştirakçıların razılığı və münasibətlərdə bərabərlik sayəsində əldə olunur.
"Disbalansın olmaması və hər bir tərəfdaşın öz sahəsində işləyə bilməsi vacibdir. Britaniyada biz bərpa olunan enerji sahəsində kifayət qədər irəliləmişik. Bakıda isə enerji sektoru haqqında dərin biliklər var. Məqsəd bu güclü tərəfləri birləşdirməkdir", - Q.Roberts deyib.