Akademik Əhəd Yaqubovun 110 illiyi qeyd ediləcək

Elm və təhsil
  • 29 mart, 2018
  • 14:05
Akademik Əhəd Yaqubovun 110 illiyi qeyd ediləcək

Bakı. 29 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, 2018-ci ilin may ayında görkəmli Azərbaycan alimi, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Əhəd Ələkbər oğlu Yaqubovun anadan olmasının 110 illiyi tamam olur.

Neft-qaz geologiyası və vulkanologiya sahəsi üzrə qiymətli tədqiqatlar müəllifi akademik Əhəd Yaqubov Azərbaycanın palçıq vulkanlarının kompleks öyrənilməsinin təşkilatçısı kimi şöhrət tapmış, onların ilk atlası və xəritələrinin tərtibinə rəhbərlik etmişdir. Xəzər dənizi neft yataqlarından bir çoxunun kəşfi alimin adı ilə bağlıdır.

Sərəncamla ölkədə geologiya elminin inkişafına mühüm töhfələr vermiş və yüksəkixtisaslı kadrların hazırlanmasında təqdirəlayiq xidmətlər göstərmiş akademik Əhəd Yaqubovun anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasına akademik Əhəd Yaqubovun 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.