UNESCAP rəsmisi: "Azərbaycan "həqiqi iqlim çempionu" kimi önə çıxır"

Ekologiya
  • 17 oktyabr, 2025
  • 10:59
UNESCAP rəsmisi: Azərbaycan həqiqi iqlim çempionu kimi önə çıxır

Azərbaycanın istixana qazı emissiyalarında payı cəmi 0,11 % olsa da, ölkə iqlim dəyişikliyi ilə mübarizədə "həqiqi iqlim çempionu" kimi önə çıxır.

"Report" xəbər verir ki, bunu BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndəsi Kurt Karriqan Bakıda keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqlim hədəfləri ilə regionda nümunə göstərilir: "Azərbaycan iqlim həssaslığı baxımından dünyanın ilk üçdə bir ölkəsi arasında yer alır. Ölkə 2050-ci ilə qədər emissiyaların 40 % azaldılmasını qarşısına məqsəd qoyub ki, bu da olduqca iddialı hədəfdir".

K. Karriqan vurğulayıb ki, əsas məsələ yerli hakimiyyətlərin bu hədəflərə nail olunmasında necə iştirak etməsidir: "Yerli səviyyədə görülən tədbirlərin milli iqlim hədəfləri ilə uyğunlaşdırılması böyük əhəmiyyət kəsb edir. Bu, təkcə iqlim siyasəti ilə məhdudlaşmır, həm də milli şəhərsalma siyasətlərinin yerli səviyyədə fəaliyyət üçün imkan yaratmasından asılıdır".

O qeyd edib ki, xüsusilə Asiya-Sakit okean regionunda sürətli urbanizasiya gedir və bu, şəhərlərdə həm böyümənin idarə olunmasını, həm də aşağı karbon inkişaf yolunun seçilməsini tələb edir: "Şəhərlər əsasən xidmətlər və yerli tədbirlərə fokuslanır, milli hökumətlər isə iqlim strategiyalarına cavabdehdir. Bu kontekstdə şəhərlərin milli müəyyən olunmuş töhfələrlə və adaptasiya planları ilə uzlaşması zəruridir".

Son xəbərlər

Bütün Xəbər Lenti