Şərurda yeni avtomat meteoroloji stansiya quraşdırılıb
- 19 dekabr, 2025
- 19:32
Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda yeni avtomat meteoroloji stansiya quraşdırılıb.
"Report"un yerli bürosu xəbər verir ki, stansiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin dəstəyilə Dövlət investisiya layihəsi çərçivəsində quraşdırılıb.
Avtomat stansiyanın quraşdırılmasında əsas məqsəd hidrometeoroloji müşahidələrin operativliyi və fasiləsizliyini təmin etməkdir.
Avtomat stansiyanın təchiz olunduğu müasir sensorlar vasitəsilə havanın faktiki vəziyyəti, küləyin sürət və istiqaməti, havanın temperaturu, atmosfer təzyiqi, rütubətlilik, yağıntının miqdarı və intensivliyi, qar örtüyünün hündürlüyü haqqında fasiləsiz olaraq əldə olunan müşahidə məlumatları Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi tərəfindən Rəqəmsal Ekologiya İnformasiya Sisteminə (REİS) inteqrasiya edilir.