"LCOY Azərbaycan 2025"in bağlanış mərasimi keçirilir
- 02 sentyabr, 2025
- 10:32

Bakıda "SEA BREEZE Resort"da BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı - "LCOY Azərbaycan 2025"in bağlanış mərasimi keçirilir
"Report" xəbər verir ki, konfransın ikinci günü Azərbaycan Gənclərinin İqlim üzrə Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.
Yekun mərasimdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Milli Məclisin VII çağırış deputatı və ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, həmçinin Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəhbəri Rafiq Aslanov iştirakçılarla görüşəcəklər.
Konfransın ikinci günündə iştirakçıların iqlim liderliyi və ictimai iştirak, dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, ekoinnovasiyalar və dövri iqtisadiyyat, biomüxtəlifliyin qorunması və ekosistemlərin bərpası, dayanıqlı infrastruktur və su təhlükəsizliyi, gənclərin siyasətdə rolu və qərar qəbuletmə proseslərində iştirakı mövzuları müzakirə olunacaq. Bu mövzular həm nəzəri, həm də praktik biliklərin artırılmasında böyük rol oynayacaq.
Qeyd edək ki, konfransda 150-dən çox gənc iqlim lideri, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar və ölkənin aparıcı ekspertləri bir araya gəlib.
Xatırladaq ki, sentyabrın 1-də Bakı Dövlət Universitetində BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – "LCOY Azerbaijan 2025"in açılış mərasimi keçirilib.