Heç bir ölkə təkbaşına Xəzəri xilas edə bilməz - RƏY
- 26 sentyabr, 2025
- 10:54

Hazırda Xəzər dənizi ciddi ekoloji problemlərlə üz-üzədir. Eyni zamanda, qlobal istiləşmə və hədsiz istifadə nəticəsində Xəzərə axan çayların suyunda azalma müşahidə olunur.
Bu fikirləri "Report"a Milli Məclisin deputatı Pərvanə Vəliyeva Xəzərin ekoloji çirklənməsinin fəsadlarından danışarkən deyib.
Onun sözlərinə görə, son 10 ildə Xəzərdə suyun səviyyəsi bir metrdən çox aşağı düşüb:
"Xəzərə tökülən və onu qidalandıran əsas su ehtiyatı - Volqa çayının suyunun azalması ən başlıca səbəblərdən biridir. Xəzərin suyunun çəkilməsi neft və qaz istismarına da mənfi təsir göstərir. Dənizin sahilləri quruyur, ətrafında isə səhralaşma sürətlə yayılır".
P.Vəliyeva bildirib ki, Xəzərə axan çayların suyunun təmiz olmaması da əlavə ekoloji çirklənmə yaradır:
"Belə ki, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrinin çirkab sularının transsərhəd çaylara axıdılması nəticəsində Xəzərə tökülən həm Araz, həm də Kür çayı kimyəvi çirklənməyə məruz qalır. Bununla da BMT-nin Transsərhəd Kontekstdə Ətraf Mühitin Qiymətləndirilməsi üzrə Espoo Konvensiyasının tələbləri pozulur".
Milli Məclisin üzvü vurğulayıb ki, Xəzər dənizi beş ölkəni birləşdirir:

"Bu dəniz region iqtisadiyyatı üçün strateji nəqliyyat dəhlizidir. Heç bir ölkə təkbaşına bu dənizi xilas edə bilməz. Beş ölkə yalnız çiyin-çiyinə bu problemi həll edərək Xəzəri qoruya bilər. Qeyd edim ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə görüşündə imzalanıb. Prezident İlham Əliyev 2022-ci ildə Xəzəryanı Dövlətlərin Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı Xəzərin ekoloji çirklənməsini vurğulamışdı. O bildirmişdi ki, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır".
Deputat Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasının Azərbaycan üçün prioritet məsələ olduğunu söyləyib:
"Onun çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr də bu istiqamətdə atılan əhəmiyyətli addımlardır. Xəzərin ekoloji vəziyyəti haqqında birgə tədqiqat işlərinin aparılması da real mənzərəni ortaya qoya və görüləcək tədbirləri müəyyənləşdirmək üçün zəmin ola bilər. Dövlət başçı BMT Baş Assambleyasının 80-cı sessiyası zamanı Xəzərin suyunun sürətlə azaldığını və bunun yalnız iqlim dəyişmələri ilə bağlı olmadığını bildirdi. Xəzərin qorunması üçün region ölkələrinin birgə səylərinin vacibliyini qeyd edən Prezident İlham Əliyev bu sahədə BMT ilə əməkdaşlığa hazır olduğumuzu ifadə etdi. Dövlət başçısı bununla BMT mexanizmlərinin və beynəlxalq hüququn Xəzərin müdafiəsində istifadə edilə biləcəyi mesajını verdi. Ətraf mühitin qorunması sahəsində Konvensiyaların, xüsusilə "Beynəlxalq Göllər haqqında" Konvensiyanın tələblərindən irəli gələrək BMT Xəzəryanı ölkələrin bu sahədə regional əməkdaşlıqlarını təşviq edə bilər".

P.Vəliyeva qeyd edib ki, BMT-nin "Sərhədi keçən su axınları və beynəlxalq göllərin qorunması və istifadəsi" haqqında 1992-ci ildə Helsinkidə qəbul edilmiş konvensiyasının məqsədi dövlətlər arasında su mənbələrinin qorunması və dayanıqlı istifadə prinsiplərini təmin etmək üçün əməkdaşlıq mexanizmləri yaratmaqdır:
"Konvensiya, monitorinq, tədqiqat, məlumat mübadiləsi, xəbərdarlıq sistemləri, qarşılıqlı yardım və ictimai iştirak kimi tədbirləri nəzərdə tutur. BMT-nin "Beynəlxalq su mənbələrinin qeyri-naviqasiyalı istifadəsi haqqında" 1997-ci il Konvensiyası tələb edir ki, dövlətlər "significant harm" (ən azı vacib ziyan verməmə) prinsipinə riayət etməli, resursları ədalətli şəkildə bölüşdürməli, su axınlarının istifadəsi ilə bağlı tədbirlərinin qonşu dövlətlərə mənfi təsir göstərib-göstərmədiyini diqqətlə qiymətləndirməlidirlər. Bu Konvensiyaya görə, dövlətlər bir-birlərinə su istifadəsi ilə bağlı planlarını əvvəlcədən bildirməli, digər dövlətlərin narahatlıqlarını dinləməli və zəruri hallarda müzakirələr aparmalıdırlar. Göründüyü kimi, BMT-in su mənbələrinin müdafiəsi ilə bağlı real beynəlxalq hüquqi mexanizmləri mövcuddur. Lakin burada birgə addımların atılması vacibdir".
Milli Məclisin üzvü həmçinin əlavə edib ki, bu gün Xəzər dənizi üçün birgə hərəkət edilməsə, "tragedy of commons" yəni, ortaq sərvətlərin faciəsi baş verə bilər.