Braziliyanın Belen şəhərində Xəzərlə bağlı Birgə Bəyannamə qəbul olunub

Ekologiya
  • 18 noyabr, 2025
  • 20:45
Braziliyanın Belen şəhərində Xəzərlə bağlı Birgə Bəyannamə qəbul olunub

Xəzər dənizinin səviyyəsinin azalması məsələsi üzrə əməkdaşlığın gücləndirilməsi barədə Birgə Bəyannamə qəbul olunub.

"Report" xəbər verir ki, sənəd Braziliyanın Belen şəhərində keçirilən COP30 çərçivəsində Azərbaycan pavilyonunda Xəzər dənizinin səviyyəsinin azalması məsələsinə həsr olunmuş yüksəksəviyyəli tədbir çərçivəsində qəbul oluub.

Bəyannamədə ötən il COP29 çərçivəsində Bakıda qəbul olunmuş Bakı Bəyannaməsinə istinad edilərək Xəzəryanı ölkələrin bu məsələdə əvvəlki öhdəliklərini davam etdirdikləri vurğulanır.

Bildirilir ki, Bakı Bəyannaməsi elmi əməkdaşlıq, məlumat mübadiləsi və koordinasiyalı fəaliyyət üçün əsas yaratmış, COP30-da qəbul edilmiş yeni Birgə Bəyannamə isə bu istiqamətdə səylərin daha da gücləndirilməsinə xidmət edir.

Sənəddə elmi tədqiqatlar, monitorinq və məlumat mübadiləsi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədləri ifadə olunub. Bununla yanaşı, BMT sistemi ilə birgə fəaliyyət və layihələrin təşviqi, həmçinin Xəzər regionunun davamlı inkişafı və uzunmüddətli dayanıqlığının təmin olunması istiqamətində birgə addımların atılması üzrə ortaq niyyət də sənəddə öz əksini tapıb.

Tədbir Azərbaycan tərəfinin təşəbbüsü ilə COP29 Sədrliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyanın (Tehran Konvensiyası) Müvəqqəti Katibliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti