Yazıçı Qismət: Azərbaycanda nəşriyyatlar daha çox tanınan imzaları nəşr edirlər
- 02 oktyabr, 2025
- 14:08

XI Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı şair, tərcüməçi Qismət Rüstəmovla xüsusi panel və oxucularla görüş keçirilib.
"Report" xəbər verir ki, texno-insan, süni intellekt-insan və bunların ədəbiyyata təsiri məsələsinə həsr olunan panel müzakirədə Qismət Rüstəmov fikirlərini bölüşüb.
"Bizim ədəbi düşüncəmizdə 40-cı otaq anlayışı var. Hansı ki bu otaq, bir növ, toxunulmazdır, ora girmək, onunla təməsda olmaq olmaz. Lakin müasir ədəbiyyat onu deyir ki, ora toxunmaq lazımdır, o mərhələni aşmaq lazımdır. Yalnız bu halda inkişaf mümkündür", - Q.Rüstəmov bildirib.
Müzakirə zamanı dünya ədəbiyyatında adıçəkilən mövzulara müraciət, bunun müasir Azərbaycan ədəbiyyatında tətbiqi məsələləri ətrafında fikirlər ifadə olunub.
Qismət Rüstəmov həmçinin Azərbaycandakı kitab sənayesi, naşir-müəllif, nəşriyyat-oxucu problemlərinə də toxunub.
"Dünya praktikasında yeni müəllifi nəşriyyatlar üzə çıxarır. Lakin bu bizdə belə deyil. Bizdəki nəşriyyatlar daha çox artıq tanınan, imzası oxuculara yad olmayan imzalarla işləyir, onları nəşr edirlər".
Müzakirənin sonunda müəllifi olduğu şeirlərdən də oxuyan şair oxucular üçün kitab imzalayıb.
Qeyd edək ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 7-nə qədər davam edəcək.
Sərginin fəxri yazarları Qismət Rüstəmov və Rüstəm Behrudi, fəxri qonaq ölkəsi isə Qətərdir.
Sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.