Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

Ədəbiyyat
  • 09 dekabr, 2025
  • 01:20
Qərbi Azərbaycan Xronikası: Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub

"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun budəfəki müsahibi fəlsəfə doktoru, araşdırmaçı Abbas Bağırov olub.

O, Göyçənin qüdrətli saz-söz sahiblərindən sayılan Aşıq Bəhmən Göyçəlinin həyat və fəaliyyətindən, yaradıcılığından söhbət açıb. Bildirib ki, Göyçə aşıq məktəbinin layiqli yetirməsi Bəhmən İbrahim oğlu Qarayev 1901-ci ildə Basarkeçər rayonunun Hüseynquluağalı (Nərimanlı) kəndində anadan olub. Aşıq Bəhmən ilk təhsilini mollaxanada, ardınca İrəvanda Hüseynqulu Xan məscidinin nəzdindəki mədrəsədə alıb. Bəhmənin atası Molla İbrahimlə Aşıq Ələsgər kirvə olduğundan onların evində saz-söz məclisləri keçirilib, hər iki şəxs arasında yaradıcılıq bəhsləri olub. Uşaq yaşlarından bu deyişmələrin, şeirlərin, dastanların təsiri altında olan, onları öz sinə dəftərinə yazan Bəhmən zaman keçdikcə özü bu yaradıcılıq nümunələrinin qiraətçisinə, təbliğatçısına çevrilib. Gənclik dövründən el-oba arasında aşıq-şair kimi tanınıb, toy-düyünlərə dəvət olunub. Bəhmənin gəraylı, qoşma, müxəmməs, qəzəl, divani, dodaqdəyməz, cığalı təcnis və digər janrlarda yaratdığı şeirləri dillər əzbəri olub.

A.Bağırov Aşıq Bəhmənin həyat və yaradıcılığına Vətən həsrətinin təsirsiz ötüşmədiyini dilə gətirib. Şairin yaradıcılığından nümunələr səsləndirib. Qeyd edib ki, Aşıq Bəhmənin yazdığı şeirlər bu gün də aktuallığını itirmir və Göyçə aşıq məktəbinin gənc simaları mütəmadi olaraq onun yaradıcılığına müraciət edirlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: "Aşıq Ələsgərlə Molla İbrahim arasında yaradıcılıq bəhsləri olub"

Son xəbərlər

Bütün Xəbər Lenti