I Quba Kitab Sərgisi öz işinə başlayıb
- 01 noyabr, 2025
- 18:45
Quba Heydər Əliyev Mərkəzində "Zəfərin Uşaqları ilə Oxu Marafonu-Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı" layihəsi çərçivəsində I Quba Kitab Sərgisi keçirilir.
"Report"un Şimal bürosunun məlumatına görə, tədbir Quba Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Quba-Xaçmaz Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə tanınmış yazıçı və şairlər, eləcə də nəşriyyat rəhbərləri və nümayəndələri, mədəniyyət işçiləri, orta ümumtəhsil məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Natiqlər çıxışlarında kitabın insan həyatında, xüsusən də gənc nəslin formalaşmasında mühüm rolundan, oxu mədəniyyətinin təbliğinin əhəmiyyətindən danışıblar.
Sərgidə müxtəlif nəşriyyatların yeni kitabları nümayiş olunub, uşaqlar sərgiyə baxış keçirib və sevdikləri kitabları əldə ediblər.
Tədbir çərçivəsində məktəblilərin ifasında səsləndirilən şeirlər və ifa olunan mahnılar tədbirə xüsusi rəng qatıb. Layihə çərçivəsində fərqlənən məktəblilərə mükafatlar təqdim olunub. Bundan əlavə, sərgidə uşaqlar üçün intellektual master-klasslar, oxu saatları və səhnəciklər təşkil olunub.
Kitab sərgisi noyabrın 2-ə qədər davam edəcək və ziyarətçilər üçün açıq olacaq.