Ramin Məmmədov Tərtərdə "Cümə" və Əskipara kənd məscidlərini ziyarət edib
- 15 oktyabr, 2025
- 10:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər şəhəri "Cümə" və Tərtər rayonu Əskipara kənd məscidlərini ziyarət edib.
"Report" xəbər verir ki, Dövlət Komitəsinin sədri məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Azərbaycan cəmiyyətində milli həmrəyliyin, dini dözümlülüyün və mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyi qeyd olunub.
Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinə uyğun olaraq dini icmalara diqqət və qayğı ilə yanaşıldığı, dini etiqad azadlığının təmin olunması üçün ardıcıl tədbirlər görüldüyü vurğulanıb.
R.Məmmədov bildirib ki, din insanları sülhə, həmrəyliyə və qarşılıqlı hörmətə çağıran mənəvi dəyərlər sisteminin tərkib hissəsidir:
"Lakin bəzi dairələr dinin cəmiyyət üzərindəki təsir gücündən sui-istifadə edərək onu qarşıdurma və parçalanma alətinə çevirməyə cəhd göstərirlər. Bu səbəbdən də dini maarifləndirmənin gücləndirilməsi, sağlam dini düşüncənin formalaşdırılması müasir dövrdə xüsusilə önəm kəsb edir".
Dini Komitənin sədri vurğulayıb ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər dinlərarası harmoniyanın qorunmasına, cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına yönəlib.
Onun sözlərinə görə, tolerantlığın, dinlərarası dialoqun daha da möhkəmləndirilməsində, zərərli meyillərin qarşısının alınmasında din xadimlərinin fəallıq nümayiş etdirməsi mühüm əhəmiyyət kəsb edir.
Din xadimlərinin cəmiyyətdəki nüfuzunun artırılmasının, peşəkar inkişafının əhəmiyyətinə toxunan R.Məmmədov, eyni zamanda, qarşıda duran müasir çağırışları nəzərə çatdırıb.