Qarabağda keçirilən "Mənəvi dəyərlər" həftəsi başa çatıb
- 14 oktyabr, 2025
- 17:56

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Mənəvi dəyərlər" həftəsi çərçivəsində tələbələr oktyabrın 14-də Ağdam, Bərdə və Laçın rayonlarına səfər ediblər.
"Report" xəbər verir ki, Ağdam Şəhidlər xiyabanını ziyarət edən tələbələrə burada dəfn olunan şəhidlər və Milli qəhrəmanlar haqqında ətraflı məlumat verilib, onların əziz xatirəsi ehtiramla yad olunub.
Daha sonra Ağdam Cümə məscidini ziyarət edən layihə iştirakçılarına ibadət evinin işğal dövründə ermənilər tərəfindən təhqir olunması haqqında danışılıb. Həmçinin işğaldan sonrakı bərpa prosesinin, Ağdamda aparılan genişmiqyaslı quruculuq işlərinin əhəmiyyəti vurğulanıb. Ziyarət zamanı Aİİ tələbələri tərəfindən torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin ruhuna Quran tilavəti edilib.
Səfər çərçivəsində tələbələrin Ağdamda İmarət Kompleksinə də ekskursiyası təşkil olunub. Onlar burada yerləşən türbələri, qəbiristanlığı, İmarət kompleksinin muzeyini və Xurşidbanu Natəvanın qəbirüstü abidəsini ziyarət ediblər.
Bərdə rayonu İmamzadə ziyarətgahında gənclərə ibadətgah və onun tarixi haqqında məlumat verilib. Layihə iştirakçıları, eyni zamanda, Laçın rayonuna səfər ediblər.
Qeyd edək ki, 11-14 oktyabr tarixlərində keçirilən layihə çərçivəsində tələbələr Qarabağ və Şərqi Zəngəzurun tarixi, dini və mənəvi irsi, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq prosesləri ilə yerində tanış olmaq imkanı əldə ediblər.