Azərbaycanda "Fərqliliyin rəngi" adlı festival keçiriləcək
- 09 sentyabr, 2025
- 15:04

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Fərqliliyin rəngi" adlı festival keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Belə ki, festivalın keçirilməsində məqsəd Azərbaycanda formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etməkdir.
Festivalda Azərbaycanın tarixin sınaqlarından keçmiş mötəbər dinlər və mədəniyyətlərarası dialoq modeli, çoxmədəniyyətli mühitlərdə birgəyaşayışın unikal təcrübəsi təqdim ediləcək.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Sefarad Yəhudilərinin Bakı dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi Xristian, Krişna Şüuru, Gürcü pravoslav və Molokan-ruhani-xristian dini icması daxil olmaqla 33 dini qurumun iştirakı planlaşdırılır.
Festival çərçivəsində dini qurumların fəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlərin, ədəbiyyat nümunələri və əl işlərinin nümayişi, həmçinin dini konfessiyaların musiqi və rəqs qruplarının çıxışları nəzərdə tutulur.