Səfir: Bu il Çin-Azərbaycan münasibətləri üçün məhsuldar olub

Digər
  • 25 dekabr, 2025
  • 11:35
Səfir: Bu il Çin-Azərbaycan münasibətləri üçün məhsuldar olub

2025-ci il Çin-Azərbaycan münasibətləri üçün həqiqətən də məhsuldar olub.

"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, il ərzində Bakı və Pekin arasında qarşılıqlı əlaqələr fasiləsiz inkişaf və əhəmiyyətli nəticələrlə xarakterizə olunub.

Səfir vurğulayib ki, iki ölkə arasında münasibətlər Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi sayəsində əhəmiyyətli dərəcədə yaxşılaşıb və inkişafını sürətləndirib.

"Münasibətlərimiz tarixdə ən yüksək - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Ölkələr arasında siyasi qarşılıqlı etimad güclənib, praqmatik əməkdaşlıq hiss olunan nəticələr verib, humanitar mübadilələr isə daha da dərinləşib. Çinin Azərbaycandakı səfiri kimi, vəzifəmə başladığım vaxtdan ikitərəfli münasibətlərin inkişafında bir neçə tarixi anın şahidi olmaq şərəfinə nail oldum və bu təcrübəmi bölüşmək istəyirəm", - Lu Mey qeyd edib.

Onun sözlərinə görə, 2025-ci ildə Çin və Azərbaycan rəhbərlərinin diplomatiyası çoxlu səmərəli nəticələr verib, ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırıb.

"Aprel ayında Prezident İlham Əliyev Çinə dövlət səfəri edib və Sədr Si Cinpinlə danışıqlar aparıb, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsi üzrə bir sıra mühüm razılaşmalar əldə edib. Səfər çərçivəsində iki ölkənin rəhbərləri hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında birgə bəyanat imzalayıb və 20 əməkdaşlıq sənədinin imzalanmasına şahidlik edib, ikitərəfli əlaqələrin inkişafında yeni bir səhifə açıblar.

Avqustun sonunda Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Tiantsindəki sammitində və Çin xalqının yapon işğalçılarına qarşı müqavimət müharibəsində qələbənin 80 illiyinə və İkinci Dünya müharibəsində qələbəyə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün yenidən Çinə səfər edib.

Hər iki tərəfin beynəlxalq nizamı birgə qorumaq və faşizmin dirçəlişinə qarşı durmaq əzmini nümayiş etdirib", - səfir deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti