Makron: Aralıq dənizində Rusiyadan gələn tanker saxlanılıb
- 22 yanvar, 2026
- 18:30
Fransa Prezidenti Emmanuel Makron Aralıq dənizində Rusiyadan gələn tankerin saxlanıldığını bildirib.
"Report" xəbər verir ki, bu barədə Makron "X" sosial şəbəkəsində yazıb.
"Biz heç bir pozuntuya dözməyəcəyik. Bu gün səhər Fransa hərbi-dəniz donanmasının hərbçiləri Rusiyadan gələn, beynəlxalq sanksiyaların tətbiq olunduğu və təxribatçı bayraqdan istifadə etməkdə şübhəli bilinən neft tankerinin göyərtəsinə qalxıb. Əməliyyat açıq dənizdə bir sıra müttəfiqimizin dəstəyi ilə həyata keçirilib", - Fransa Prezidenti qeyd edib.
O əlavə edib ki, əməliyyat Aralıq dənizində BMT-nin dəniz hüququ haqqında Konvensiyasına uyğun şəkildə aparılıb.
"Faktla bağlı məhkəmə araşdırması başlayıb. Gəmi başqa istiqamətə yönləndirilib. Biz beynəlxalq hüququn müdafiəsi və sanksiyaların effektiv icrasını təmin etmək niyyətindəyik. "Kölgə donanması"nın fəaliyyəti Ukraynaya qarşı təcavüzkar müharibənin maliyyələşdirilməsinə kömək edir", - E.Makron vurğulayıb.