Ali Məhkəmənin sədri: Bakı Arbitraj Mərkəzi qanunun aliliyinin möhkəmlənməsinə töhfə verəcək

Xarici siyasət
  • 24 oktyabr, 2025
  • 10:47
Ali Məhkəmənin sədri: Bakı Arbitraj Mərkəzi qanunun aliliyinin möhkəmlənməsinə töhfə verəcək

Bakı Arbitraj Mərkəzi Azərbaycanda qanunun aliliyinin möhkəmlənməsinə töhfə verəcək.

"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Bakı Arbitraj Mərkəzinin açılış mərasiminə həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı Arbitraj Mərkəzi peşəkar heyəti və beynəlxalq standartlara uyğun fəaliyyəti ilə Azərbaycanın ədalətli və şəffaf mübahisə həlli prosesinə sadiqliyini nümayiş etdirir:

"Bu qurum arbitraja inamın güclənməsinə və Azərbaycanda qanunun aliliyinin möhkəmlənməsinə töhfə verəcək. Yerli arbitraj inkişaf etdikcə hüquqşünaslar, hakimlər və arbitrlər üçün yeni öyrənmə imkanları yaranır. Təlimlər anlayışı artırır və şəffaf, proqnozlaşdırıla bilən, arbitraj yönümlü bir hüquq mədəniyyətinin formalaşmasına xidmət edir".

İ.Kərimov bildirib ki, Azərbaycan ticarət və investisiyanın regional mərkəzinə çevrildikcə məhkəmələrlə arbitraj arasındakı əməkdaşlıq daha da mühüm olacaq:

"Bu əməkdaşlıq ədalətin etimad yaratmasını və həmin etimadın davamlı inkişafa təkan verməsini təmin edəcək. Məhkəmə rəhbərliyi və institusional əməkdaşlıq vasitəsilə arbitrajın gücləndirilməsi yalnız texniki islahat deyil. Bu, ədalətin gələcəyi üçün bir baxışdır. O, hakimləri, arbitrləri və qərarvericiləri qarşılıqlı hörmət, peşəkarlıq və ortaq dəyərlər əsasında birgə çalışmağa dəvət edir".

Son xəbərlər

Bütün Xəbər Lenti