"ACWA Power" Azərbaycanı "yaşıl layihə"lərdə strateji tərəfdaş hesab edir
- 25 sentyabr, 2025
- 13:09

Azərbaycan "yaşıl layihə"lərin inkişafında "ACWA Power" üçün strateji tərəfdaşdır.
"Report" xəbər verir ki, bunu "ACWA Power" şirkətinin biznesin inkişafı üzrə direktoru Polina Lyubomirova Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.
"Azərbaycan bizim üçün strateji ölkədir, burada ən yaxşı təcrübələri nümayiş etdirə, davamlı və "yaşıl layihə"lərin inkişafına töhfə verə bilərik. Biz Azərbaycanda həyata keçirdiyimiz müxtəlif layihələr vasitəsilə onun daha ekoloji və davamlı inkişaf strategiyasını dəstəkləyirik", - o qeyd edib.
P.Lyubomirovanın sözlərinə görə, "ACWA Power" hər bir ölkəni təkcə milli iqtisadiyyatın deyil, bütövlükdə regionun ehtiyaclarına əsaslanaraq kompleks şəkildə nəzərdən keçirir.
Direktor vurğulayıb ki, Azərbaycanda müəyyən çağırışlar mövcuddur və şirkət həyata keçirdiyi layihələrlə bu çağırışlara cavab verməyə çalışır.
O, əsas təşəbbüslər arasında bu ilin dekabr ayında istismara verilməsi planlaşdırılan 200 MVt gücündə külək elektrik stansiyasının tikintisini qeyd edib. Bu, regionda ən böyük obyektlərdən biri olacaq.
"Bundan başqa, "ACWA Power" bu yaxınlarda Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisi ilə bağlı dövlət-özəl tərəfdaşlığına dair saziş imzalayıb. Bu, həm Azərbaycan, həm də "ACWA Power" üçün əlamətdar hadisədir", - P.Lyubomirova əlavə edib.