Zelenski və Stubb ABŞ-də danışıqlara hazırlığı müzakirə ediblər
- 26 dekabr, 2025
- 21:35
Ukrayna Prezidenti Volodimir Zelenski və Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ-də keçiriləcək danışıqlara hazırlıqları müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aleksandr Stubbla telefon danışığının nəticələri ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
Ukrayna liderinin sözlərinə görə, tərəflər beynəlxalq tərəfdaşlarla əlaqələr və ABŞ-də keçiriləcək görüşlərə, danışıqlara hazırlıq prosesi haqqında məlumat mübadiləsi aparıblar. O, Ukrayna və Amerika danışıq qruplarının artıq əhəmiyyətli irəliləyiş əldə etdiklərini qeyd edib.
Xüsusilə, zəruri təhlükəsizlik təminatları, Ukraynanın bərpası və iqtisadi inkişaf planı, eləcə də 20 bənddən ibarət çərçivə sənədi üzərində işdə irəliləyişin olduğu bildirilib. Prezidentlər işin yüksək intensivliyinin həlledici əhəmiyyət daşıdığı və bir gün, bir saatın da itirilməməli olduğu fikri ilə razılaşıblar.
"İndi, bir çox ölkə və liderlər Milad bayramını qeyd edib və Yeni ilə hazırlaşarkən biz həyatları qorumaq və diplomatik həll tapmaq üçün tam güclə işləyirik. Biz nəticələr əldə etmək üçün əlimizdən gələni edirik və məhz bu yanaşmanı istifadə edirik – ümumi uğur Ukrayna və bütün Avropa, ABŞ və Prezident Donald Tramp, bütün tərəfdaşlarımız və qlobal sülh üçün vacibdir", - Zelenski vurğulayıb.
Xatırladaq ki, Tramp və Zelenski dekabrın 28-də Floridada görüşəcəklər.