Zelenski Ukraynanın Rusiya ilə müharibədəki itkilərini açıqlayıb
- 05 fevral, 2026
- 01:55
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin 55 min hərbçisinin həlak olduğunu bəyan edib.
"Report" xəbər verir ki, Ukrayna lideri bu rəqəmi Fransanın "France 2" telekanalına verdiyi müsahibədə səsləndirib.
"Ukraynada rəsmi olaraq döyüş meydanında istər kadr hərbçiləri, istərsə də səfərbər edilmiş şəxslər olsun, həlak olan hərbçilərin sayı 55 min nəfər təşkil edir", - deyən Zelenski əlavə edib ki, eyni zamanda, itkin düşmüş hesab olunan çox sayda insan da var.
O həmçinin Əbu-Dabidə Kiyev və Moskva arasında davam edən danışıqları şərh edib.
"Rusiya bizim bütün Donbası tərk etməyimizi istəyir. Bu müharibənin əvvəlindən onlar heç bir qələbə qazanmayıblar. Biz isə bu torpağın hər metrinin, hər kilometrinin Rusiya ordusu üçün hansı qiymətə başa gəldiyini çox yaxşı anlayırıq. Onlar ölənləri saymırlar. Şərqi Ukraynanı fəth etmək üçün onlara daha iki il vaxt və ölümə göndəriləcək 800 min hərbçi lazım olacaq. Onlar bu qədər uzun müddət tab gətirə bilməyəcəklər", - deyə Zelenski vurğulayıb.
O əlavə edib ki, Ukrayna onsuz da çox böyük güzəştə gedir.
"Rusiya Federasiyasına fasilə lazımdır. Əgər söhbət demilitarizasiya olunmuş zonadan gedirsə, biz öz hissəmizə nəzarət etməliyik", - deyə Ukrayna Prezidenti fikrini yekunlaşdırıb.