Zelenski Trampla görüşünün məhsuldar keçdiyini bildirib
- 18 oktyabr, 2025
- 00:57

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşünün məhsuldar keçdiyini bildirib.
"Report" xəbər verir ki, Ukrayna lideri bu barədə Ağ Evdə keçirdiyi brifinqdə danışıb.
O, Trampla Ukraynanın hava hücumundan müdafiəsi də daxil olmaqla, bir sıra mövzular barədə müzakirə apardığını vurğulayıb.
Bununla yanaşı, "RBK-Ukrayna" Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadən Zelenskinin Trampla görüşdən sonra Avropa liderləri ilə telefon danışığı apardığı məlumatını yayıb. İştirakçıların siyahısı isə açıqlanmayıb.
"Tomahawk" raketlərinin Kiyevə ötürülməsi sualına cavabında Zelenski bu barədə açıq danışmayacağını bildirib.
"Biz Trampla qərara aldıq ki, hələlik uzaq mənzilli raketlər barədə açıq danışmayacağıq, ABŞ eskalasiya istəmir", - deyə o qeyd edib.
Ukrayna lideri əlavə edib ki, Trampla ikitərəfli təhlükəsizlik zəmanətləri barədə danışıb.
"Prezident Trampla müzakirə etdiyimiz mövzulardan biri təhlükəsizlik zəmanətləri idi. Biz Birləşmiş Ştatların təhlükəsizlik sisteminin bir hissəsi olmasını istəyirik", - deyə o vurğulayıb.