Zelenski: Ukrayna Rusiyanın 2 min kilometr dərinliyindəki hədəflərə zərbələr endirir

Digər ölkələr
  • 07 may, 2026
  • 15:36
Zelenski: Ukrayna Rusiyanın 2 min kilometr dərinliyindəki hədəflərə zərbələr endirir

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin Rusiyanın ərazisindəki hərbi sənaye ilə bağlı obyektlərə uzaqmənzilli zərbələr endirməyə davam etdiyini bildirib.

"Report" xəbər verir ki, Ukrayna lideri bu barədə sosial şəbəkələrdə yazıb.

"Bu gün Ukraynanın uzaqmənzilli sanksiyaları yenə Permdədir: bu, bizim sərhədimizdən 1 500 kilometrdən çox məsafədədir. Bu yaxınlarda Çelyabinskdə də mühüm nəticələr olub – 1 800 kilometrə qədər, həmçinin Yekaterinburqda - təxminən 2 min kilometr", - o qeyd edib.

Zelenskinin sözlərinə görə, Ukraynanın uzaqmənzilli zərbələrinin nəticələri həmçinin Novorossiysk, Krımsk, Tuapse, Samara və Nijni Novqorod vilayətlərində də hiss olunub.

V.Zelenski Ukraynanın dəfələrlə Rusiya rəhbərliyinə sülhə doğru irəliləməyi təklif etdiyini, lakin cavabında yalnız yeni zərbələrin endirildiyini bəyan edib: "Buna görə də Ukraynanın uzaqmənzilli zərbələri Rusiyanın hərbi sənayesi, müharibə infrastrukturu və onun maliyyələşdirilməsi ilə əlaqəli olan uzaq obyektlərinə yönəlib".

Ukrayna lideri əlavə edib ki, Rusiya istənilən anda müharibəni dayandırmaq barədə qərar verə bilər:

"Rusiya hər gün seçim edib müharibəni dayandıra bilər. Həm də bir neçə saatlıq yox - Moskvada parad keçirmək üçün bizdən icazə almaq məqsədilə deyil, insanların həyatını qorumaq üçün. İnsanlara dəyər vermək lazımdır, paradlara yox. 9 May üçün fasilə xahişi ilə dünya paytaxtlarını dolaşmaq yox, sülh zəruridir".