Yunanıstanda həmkarlar ittifaqları qiymət artımına görə tətil edəcək
- 23 sentyabr, 2025
- 22:06

Yunanıstanın Ümumi Əmək Konfederasiyası (ÜƏK) və Dövlət Sektoru Həmkarlar İttifaqlarının Ali Şurası (DSHİAŞ) ölkədə qiymətlərin artması ilə əlaqədar oktyabrın 1-də 24 saatlıq ümumi tətil keçirəcək.
"Report"un xəbərinə görə, bu barədə Yunanıstanın aparıcı həmkarlar ittifaqı assosiasiyaları bəyanat yayıb.
Bəyanata görə, onlar hökumətdən ölkədə bahalaşma ilə mübarizə üçün ciddi tədbirlər görməyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər məsələlərlə yanaşı, 13 saatlıq iş rejimini nəzərdə tutan qanun layihəsini də ləğv etməyi tələb edəcəklər.
DSHİAŞ-dən bildirilib ki, tətil hökumətin 13 saatlıq iş günü, aşağı əməkhaqqı və iş yerlərində etirazların yatırılması haqqında qanun layihəsi təklif edərək işçilərin istismarını gücləndirməyə davam etmək qərarı ilə bağlıdır. Vurğulanıb ki, ÜƏK-nın də oktyabrın 1-də keçirəcəyi tətil dövlət və özəl sektor işçilərinin ümumi maraqlarını vurğulayır və onu ümumi tətilə çevirir.
Bildirilib ki, oktyabrın 1-də bir çox dövlət və özəl sektor təşkilatlarının işləməyəcək, bəzi təhsil müəssisələri isə bağlanacaq. Milli səhiyyə sistemindəki mövcud əlverişsiz vəziyyətə cavab olaraq xəstəxana işçiləri də tətilə qoşulacaqlar. Bundan əlavə, paytaxt Afinanın Attika vilayətinin Sürücülər Birliyi, eləcə də Ümumyunanıstan Dənizçilər Birliyi də aksiyada iştirak edəcək.
Afinanın mərkəzində kütləvi mitinqlərin keçirilməsi planlaşdırılır.