Yaponiyada zəlzələdən zərərçəkənlərin sayı 35-ə çatıb – YENİLƏNİB
- 09 dekabr, 2025
- 11:12
Yaponiyanın şimalında baş vermiş güclü zəlzələ nəticəsində zərərçəkənlərin sayı 35-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə "TBS" telekanalı məlumat yayıb.
Qeyd olunub ki, zərərçəkənlər haqqında informasiya Aomori, Hokkaydo və İvate prefekturalarındakı yerli idarələrin məlumatları əsasında verilir.
Əvvəllər yeddi nəfərin yaralandığı barədə məlumat verilsə də, zəlzələ nəticəsində ən azı 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
"Report" xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi jurnalistlərə məlumat verib.
O, həlak olanlar və ya itkin düşənlər barədə məlumat daxil olmadığını vurğulayıb.
"Biz istərdik ki, insanlar adi gündəlik həyatlarına davam etsinlər, lakin təkrarlanan güclü təkanlar halında dərhal təxliyəyə hazır olsunlar", - deyə o bildirib və qeyd edib ki, bu cür sayıqlıq yaxın həftə ərzində saxlanılmalıdır.
Xatırladaq ki, dekabrın 8-i gecə saatlarında Yaponiyanın şimalındakı Aomori prefekturasından şərqdə 7,6 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Sakit Okeanda yerləşib, ocağı 50 km dərinlikdə olub. Əvvəlcə yerli seysmoloqlar maqnitudanı 7,2 olaraq bildirsələr də, sonra onu 7,6-ya qaldırıblar. Daha sonra Hokkaydo adasının sahillərində daha bir güclü zəlzələ qeydə alınıb ki, onun maqnitudası 6,7 olub.