Yaponiya Avropanın Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı planından imtina edib
- 09 dekabr, 2025
- 08:31
Yaponiya Avropa İttifaqı (Aİ) ölkələrinin təxminən 30 milyard dollar məbləğində dondurulmuş Rusiya aktivlərinin müsadirə olunması təklifindən imtina edib.
"Report" xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa Xarici Fəaliyyət Xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, maliyyə naziri Satsuki Katayama Yaponiya tərəfinin hüquqi səbəblərdən Rusiya aktivləri üzərində sərəncam vermək səlahiyyətində olmadığını bildirib.
"Politico" daha əvvəl bildirmişdi ki, G7-dəki Aİ ölkələri Tokio və Vaşinqton tərəfindən dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi məqsədilə Yaponiya və ABŞ-yə təzyiq göstərir.
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollar məbləğində aktivlərini dondurub. Bunların təxminən 5-6 milyard dollarlıq hissəsi ABŞ-də, böyük hissəsi isə Avropada, o cümlədən 210 milyard dolların saxlandığı Belçikadakı "Euroclear" beynəlxalq platformasındadır.