XİN başçısı: Cənubi Koreya və ABŞ arasında təhlükəsizlik sahəsində təxmini razılaşma əldə olunub
- 02 oktyabr, 2025
- 03:24

Cənubi Koreya və Amerika Birləşmiş Ştatları (ABŞ) davam edən tarif danışıqları ilə paralel olaraq təhlükəsizlik sahəsində təxmini razılaşmaya gəlib.
"Report"un "Yonhap" xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Cənubi Koreya xarici işlər naziri Ço Hen danışıb.
"Təhlükəsizlik sahəsində artıq ümumən razılaşma əldə edilib ki, bu da bizə zəruri sahələrdə milli müdafiə qabiliyyətlərimizi artırmağa imkan verir", - nazir bildirib.
O həmçinin qeyd edib ki, ABŞ tarif danışıqlarında Cənubi Koreyanın əsas tələbi olan valyuta mübadiləsi sazişini nəzərdən keçirir, lakin bu məsələdə elə də nikbin deyil.
Qeyd edək ki, daha əvvəl Cənubi Koreyanın yüksək vəzifəli rəsmiləri iki ölkənin sənaye məqsədləri üçün nüvə yanacağının emalında Cənubi Koreyaya daha çox hüquqlar verilməsi istiqamətində irəliləyiş əldə etdiyini bildiriblər.