WSJ: ABŞ ilə Çin arasındakı "TikTok" razılaşmasına sosial şəbəkə payının alınması daxildir
- 16 sentyabr, 2025
- 08:27

"TikTok"un ABŞ-də fəaliyyəti ilə bağlı razılaşmada investorlar konsorsiumunun xidmətin payını alması nəzərdə tutulur.
"Report"un "The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ administrasiyasından adının açıqlanmasını istəməyən vəzifəli şəxs bildirib.
Onun sözlərinə görə, razılaşmanın şərtləri aprel ayında aparılan danışıqlarda müzakirə olunan variantlara bənzəyir. Bununla belə, nəşr qeyd edir ki, "Blackstone" şirkəti mümkün razılaşmanın iştirakçısı olmayacaq.
ABŞ maliyyə naziri Skott Bessentin daha əvvəl verdiyi açıqlamaya görə, ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin 19 sentyabrda planlaşdırılan telefon danışığında "TikTok"un ABŞ-də gələcək fəaliyyəti ilə bağlı razılaşmanın yekun şərtlərini təsdiqləyəcəklər.
ABŞ-nin əvvəlki prezidenti Co Bayden "TikTok"un ölkə ərazisində satılmasını və ya fəaliyyətinin dayandırılmasını tələb edən qanunu təsdiqləmişdi. Tramp isə 20 yanvar tarixində keçirilən inauqurasiyadan sonra bu platformanın bloklanmasını təxirə salan fərman imzalayıb və sonradan bu müddəti bir neçə dəfə uzadıb.