Vuçiç: Serbiyadakı etirazlarda 9 mindən çox insan iştirak edib

Digər ölkələr
  • 06 sentyabr, 2025
  • 03:23
Vuçiç: Serbiyadakı etirazlarda 9 mindən çox insan iştirak edib

Cümə günü Serbiya ərazisində hökumətə qarşı keçirilən etiraz aksiyalarında 9 min nəfərdən çox insan iştirak edib.

"Report"un məlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciəti zamanı bildirib.

"Bütün Serbiya üzrə hökumət əleyhinə aksiyalarda 9 380 nəfər iştirak edib. Novi-Sad şəhərində Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 7 020 nəfər toplaşıb. Ümumilikdə, aksiyalar sakit keçib və insidentsiz olub, Novi-Sad istisna olmaqla. Orada Avropa Parlamenti nümayəndələrinin iştirakı zamanı maskalı bir qrup şəxs filologiya fakültəsinin binasını hər vasitə ilə ələ keçirməyə cəhd edib. Lakin polis peşəkar şəkildə fəaliyyət göstərərək buna imkan verməyib. Hazırda 11 polis əməkdaşı yaralanıb, onlar fakültənin binası qarşısında dayanmışdılar. Artıq bir neçə nəfər saxlanılıb, onların sayı artacaq. Pirotexniki vasitələr və müxtəlif əşyalarla heç bir səbəb olmadan polisə hücum edilib", - Vuçiç qeyd edib.

Serbiya Parlamentinin sədri Ana Brnabiç isə "X" sosial şəbəkəsində bildirib ki, Avropa rəsmiləri təkcə etiraz aksiyalarını dəstəkləmir, hətta şəxsən nümayişlərdə iştirak edirlər.

O, Avropa Yaşıllar Partiyasının həmsədri, yunan siyasətçi Vula Tsetsinin və Avropa Parlamentinin danimarkalı üzvü Rasmus Nordkvistin Novi-Sad şəhərindəki iğtişaşlarda iştirakını xüsusilə ikiüzlülük kimi qiymətləndirib. Brnabiçin sözlərinə görə, hüququn aliliyindən və demokratiyadan hər gün "dərs keçən" bu şəxslər öz ölkələrində belə qeyri-qanuni toplaşmalara heç vaxt icazə verməzdilər, amma Serbiyada açıq şəkildə dəstəkləyir və iştirak edirlər.