Volodimir Zelenski: Rusiya son sutkada Kiyevə 500 dron və 40 raket atıb
- 27 dekabr, 2025
- 13:13
Ukrayna Prezidenti Volodimir Zelenski son 24 saat ərzində Rusiya qüvvələrinin Kiyevə təxminən 500 dron və 40 raket atdığını bildirib.
"Report"un məlumatına görə, o, bu barədə öz teleqram səhifəsində yazıb.
"Növbəti Rusiya hücumu hələ də davam edir. Gecədən bəri təxminən 500 dron, əhəmiyyətli sayda "Shahed"lər, həmçinin "Kinjal"lar da daxil olmaqla 40 raket atılıb. Hücumların əsas hədəfi Kiyevin enerji və mülki infrastrukturudur", - Ukrayna lideri qeyd edib.
V.Zelenski həmçinin vurğulayıb ki, Rusiyanın kombinə edilmiş zərbələri nəticəsində yaşayış evləri zədələnib:
"Paytaxtın və vilayətin bəzi rayonlarında elektrik və istilik təchizatı yoxdur. Hazırda yanğınların söndürülməsi davam edir. Artıq bəzi enerji obyektlərində təmir briqadaları işə başlayıb, digərlərində isə heyət sığınacaqlardadır - xilasedicilər və təmirçilər hava həyəcanı siqnalları bitən kimi işə başlayacaqlar".