Venesuelada zəlzələdən ölənlərin sayı 5 mini ötüb

Digər ölkələr
  • 18 iyul, 2026
  • 02:30
Venesuelada zəlzələdən ölənlərin sayı 5 mini ötüb

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 5 069 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının (parlamentinin) sədri Xorxe Rodriges Telegram kanalında məlumat verib.

Rodrigesin dərc etdiyi hökumətin gündəlik məlumatına əsasən, 16 740 şəxs xəsarət alıb, 17 907 sakin isə evsiz qalıb. Bundan başqa 190 bina tamamilə dağılıb, 856 bina isə ciddi ziyan görüb.

Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 36 951-nə tibb müəssisələrində yardım göstərilib.

Eyni zamanda 128 324 ailəyə humanitar yardım çatdırılıb, 21 235 nəfər 107 müvəqqəti düşərgədə yerləşdirilib. Zərərçəkənlərə ümumilikdə 10 063 ton ərzaq paylanıb.

Qeyd edək ki, Venesuelada dağıdıcı zəlzələ 24 iyun axşamı baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentrləri Yarakuy ştatında, bir-birindən təxminən 10 kilometr məsafədə yerləşib. Təbii fəlakətdən sonra 1 331 afterşok qeydə alınıb.