Varheli Aİ-yə qarşı casusluq ittihamlarını rədd edib
- 13 oktyabr, 2025
- 17:44

Avropa Komissiyasının səhiyyə məsələləri üzrə komissarı Oliver Varheli komissiyanın rəhbəri Ursula fon der Lyayenlə görüşündə Macarıstan səfirliyindəki casus şəbəkəsi barədə heç nə bilmədiyini deyib.
Aİ-nin mətbuat xidmətindən "Report"un Avropa bürosuna verilən məlumata görə, görüş bazar günü baş tutub.
Mətbuat xidmətinin rəhbəri Paulo Pinyo bugünkü brifinqdə bildirib: "Dünən prezident fon der Lyayen Qərbi Balkanlara səfərindən əvvəl komissar Varheli ilə görüşüb. Prezident komissardan Macarıstanın daimi nümayəndəliyində olduğu müddətdə ölkənin xüsusi xidmət orqanlarının Avropa Komissiyasının əməkdaşlarını cəlb etmək cəhdləri barədə məlumatlı olub-olmadığını soruşub. Komissar bu barədə məlumatı olmadığını bildirib".
Pinyo həmçinin Avropa Komissiyası tərəfindən yaradılan işçi qrupunun bu məsələ ilə bağlı araşdırmanı davam etdirəcəyini təsdiqləyib.
Araşdırma zamanı komissarın fəaliyyətinin məhdudlaşdırılması daxil olmaqla, ona qarşı görülən tədbirlərlə bağlı sual cavabsız qalıb. Aİ nümayəndəsi Balaş Uyvari qeyd edib ki, söhbət əməliyyat təhlükəsizliyi məsələləri ilə bağlı olduğundan, qrupun işinin təfərrüatlarını açıqlaya bilməz.