Ukraynada seçkilər sülh sazişi üzrə referendumla eyni vaxtda keçirilə bilər
- 24 dekabr, 2025
- 12:37
Ukrayna 20 bənddən ibarət sülh sazişini parlamentin ratifikasiyasına təqdim edəcək və ya ümumukrayna referendumu keçirəcək.
"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə deyib.
Prezident əlavə edib ki, habelə ölkədə seçkilərin referendumla eyni vaxtda keçirilməsinə qərar verə bilər.
Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri yalnız sazişin tam ratifikasiya olunacağı və ya referendum vasitəsilə təsdiqlənəcəyi halda qüvvəyə minəcək.
Ukrayna üçün sülh planı aşağıdakı bəndləri əhatə edir: suverenliyin təsdiq edilməsi, Rusiya ilə hücum etməməklə bağlı qeyd-şərtsiz razılaşma, Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi; sülh dövründə Silahlı Qüvvələrimizin 800 min nəfərlik heyətdən ibarət olması, müəyyən edilmiş konkret vaxtda Avropa İttifaqına üzvlük və Avropa bazarına qısamüddətli imtiyazlı çıxış.
Həmçinin ABŞ, NATO və Avropanın NATO-nun 5-ci maddəsinə uyğun olaraq Ukraynaya təhlükəsizlik zəmanətləri verəcəyi nəzərdə tutulur. Rusiya Avropaya və Ukraynaya hücum etməmək siyasətini bütün zəruri qanunlarda təsbit edəcək. Bundan başqa, Ukraynanın bərpası ilə bağlı məsələləri həll etmək məqsədilə 800 milyard dollar məbləğində vəsait cəlb etmək üçün bir neçə fondun yaradılması nəzərdə tutulur.