Ukrayna XİN: Zelenski Putinlə görüşməyə hazırdır

Digər ölkələr
  • 29 yanvar, 2026
  • 17:53
Ukrayna XİN: Zelenski Putinlə görüşməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski ən həssas məsələləri, xüsusilə də ərazilərə və Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələləri müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

"Report" Ukrayna XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının onlayn iclasında bildirib.

"Artıq qeyd etdiyim kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ən həssas məsələləri müzakirə etmək üçün Putinlə görüşməyə hazırdır. Bu məsələlər, xüsusilə ərazilər və Zaporojye AES-lə bağlıdır. Kremlin bu tezisə ictimai reaksiyası bir daha göstərdi ki, Putin müharibəni dayandırmaq istəmir", - Sibiqa qeyd edib.

XİN başçısı vurğulayıb ki, Ukraynaya dəstək Avropa qitəsinin ümumi təhlükəsizliyinə investisiyadır. "Biz sizin üçün vaxt qazanırıq – bu, acı həqiqətdir. Rusiyanı Ukraynada elə indi dayandırmaq lazımdır", - o vurğulayıb.

Sibiqa əlavə edib ki, Avropa silahlanma və təhlükəsizlik məsələlərində tam strateji muxtariyyətə nail olmalıdır. Bu, Avropanın mövcudluğu məsələsidir və Ukrayna bu yolda əsas elementdir.

Sülh səyləri və Əbu-Dabidə aparılan son danışıqlara gəlincə, nazir deyib ki, Ukrayna bunları ABŞ ilə əməkdaşlığın və ötən payız yeni impuls qazanmış sülh danışıqlarının davamı kimi qiymətləndirir:

"Hazırda Ukrayna ABŞ ilə birlikdə fevralın əvvəlinə planlaşdırılan üçtərəfli formatda növbəti raunda hazırlaşır".

Son xəbərlər

Bütün Xəbər Lenti