Ukrayna Rusiyaya qarşı sanksiyaları Britaniya ilə sinxronlaşdırıb
- 10 sentyabr, 2025
- 20:08

Ukrayna Böyük Britaniya ilə sanksiyaları sinxronlaşdırıb və Rusiyanın hərbi-sənaye kompleksinə, kölgə donanmasına və enerji sektoruna kömək edən şəxslərə məhdudiyyətlər qoyub.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" prezident aparatının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyaların tətbiqi ilə bağlı qərarlarının icrasına dair müvafiq fərmanlar imzalayıb.
Sinxronizasiya çərçivəsində Ukrayna Rusiyaya elektronika tədarük edən, müvəqqəti işğal olunmuş ərazilərdə kömür hasil edən, mədənlərdə təmir işləri aparan, habelə Rusiya Federasiyasının kölgə donanmasının fəaliyyətinə cəlb olunan 47 fiziki və 81 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.
Ukrayna həmçinin Rusiya hərbi-sənaye kompleksi üçün İT həllərin tədarükü və tətbiqi ilə məşğul olan, Rusiya hərbi-sənaye kompleksi və təhlükəsizlik orqanları üçün elektron müharibə sistemləri, telekommunikasiya, elektron komponentlər və avadanlıqların tədarükü, inkişafı, istehsalı və texniki xidməti proseslərində iştirak edən, avadanlıq və komponentlərin tədarükü ilə əlaqəli 37 fiziki və 35 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.