Tramp Qəzza ilə bağlı qətnamənin qəbuluna görə BMT TŞ-yə təşəkkür edib
- 18 noyabr, 2025
- 03:56
ABŞ Prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasına (TŞ) üzv dövlətlərə Vaşinqton administrasiyasının Qəzza sektoru üzrə sülh planını dəstəkləyən qətnaməsini qəbul etdiklərinə görə minnətdarlığını bildirib.
"Report"un məlumatına görə, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Bütün dünyanı bir neçə dəqiqə əvvəl keçirilən BMT TŞ-nin inanılmaz səsverməsi münasibətilə təbrik edirəm. Onun nəticəsində Sülh Şurası tanındı və təsdiq edildi. Mən ona rəhbərlik edəcəyəm, şuraya dünyanın ən nüfuzlu və hörmətli liderləri daxil olacaq. Bu, BMT tarixində ən mühüm qərarlardan biri kimi yadda qalacaq, bütün dünyada sülhün möhkəmlənməsinə imkan verəcək və həqiqətən, tarixi miqyaslı bir an olacaq", – deyə Tramp bəyan edib.
"BMT-yə və TŞ-yə daxil olan bütün ölkələrə təşəkkür edirəm: Çin, Rusiya, Fransa, Böyük Britaniya, Əlcəzair, Danimarka, Yunanıstan, Qayana, Cənubi Koreya, Pakistan, Panama, Syerra-Leone, Sloveniya və Somali", – Tramp əlavə edib. O həmçinin Qətər, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə və İordaniyaya Qəzza sektorunda nizamlanma səylərinə verdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
"Növbəti həftələrdə şuranın tərkibi açıqlanacaq və digər maraqlı xəbərlər olacaq", – deyə Tramp vurğulayıb.
Qeyd olunan qətnamə bazar ertəsi qəbul olunub. BMT TŞ-nin 15 üzvündən 13-ü sənədin lehinə səs verib.